вторник, 15 мая 2012 г.

DƏFN


Bu gün səninlə tanış olduğumuz gündür. Sən isə bunu xatırlamırsan yəqin ki...Bir ifadə var, “elə bil yerdən” çıxdı, bu misalı sənə aid etmək olar. Mən səni gözləmədiyim anda peyda oldun, səssiz, səmirsiz. Sanki 100 il idi ki tanış idik. Qəribədir..amma elə ilk andan yaman doğma gəldin mənə. Lakin bu doğmalıq hissinə baxmayaraq daima mübahisə edirdik səninlə. Nə haqda? Elə bütün mövzularda. Hər xırda məsələ savaşmağımıza səbəb olurdu. Və hər dəfəsində də səninlə küsüşərək 2-3 ay ərzində danışmırdıq. Sənin nələr çəkdiyini bilmirdim, amma mən yaman darıxırdım. Günlərimin tez keçməsi üçün axşamlar erkən yatırdım, səni xatırlamamaq üçün evinizin yanından keçmirdim, sevdiyin musiqini dinləmirdim, rəsmlərinə baxmırdım. Bunlar səni unutmağa kömək edirdilərmi? Nə yalan deyim zərrə qədər də yox. Beləcə günlərimi başa vururdum. Və bir müddət sonra qürurumuzu yenərək boş bir şeyi bəhanə edərək yenidən barışırdıq səninlə. Boş bir şey əslində həmin aylar ərzində planlı şəkildə düşünülən ortaq bir mövzular idi. Məni sənə, səni mənə yenidən qovuşduracaq mövzular. Göyün yeddinci qatını görən nadir insanlardan biri olduğumu deyə bilərəm. Bu ünvana sənə olan hisslərim çatdırdı məni. Günlər ötdükçə bizim münasibətlərimiz dolğunlaşmağa başladı. Hər xırda məsələnin müzakirəsi daha da yaxınlaşdırırdı, hər yeni gün yeni arzulara, ümidlərə qanadlandırırdı. O günə kimi.. Sənin tezliklə bu həyatdan köçmənə səbəb olacaq xəstəlik xəbərinə kimi. Bu xəbəri mənə verdin və ...getdin. Nələr çəkdiyimi, düşündüyümü xəbər almadan getdin. Ölüm xəbərindən belə xəbərsiz qoyub getdin. Amma sən də xəbərsizsən. Xəbərsizsən ki, mənim üçün çoxdan ölmüsən. Məni bəd xəbərlə baş-başa qoyub getdiyin gündən dəfn etdim səni.
 Allah sənə və sənə olan hisslərimə rəhmət eləsin!

Комментариев нет:

Отправить комментарий