Saxtalıq baş alıb gedir dünyanı,
Səmimi olanlar dəbdə deyildir.
Süni parıltını bəyənir hamı,
Təbiilik gözəllik demək deyildir.
Ürəkli insanlar azalıbsa da,
Qəlb hərarətilə qızınır dünya.
Düzgünlər həmişə düzdə qalsa da,
Bir taxta parçası batmayır suda.
Ömrüm süniliklə mübarizədə,
Keçib gedəcəkdir, bilirəm bunu.
Kənardan savaşım boş görünsə də,
Qoymaram çox çəksin saxta oyunu.
Mənə dəstək olun, lütfən, ey dostlar.
Gəlin süniliyə birgə son verək!
Daim düzgünlüyə aparsın yollar!
Saflığa uduzsun yalan və kələk!

Комментариев нет:
Отправить комментарий